BAKI, AzerVoice
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirilib.
AzerVoice xəbər verir ki, bu barədə DİM məlumat verib.
Məlumata görə, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı, Quba və Xaçmazda təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 187 imtahan binası, 3381 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 187 ümumi imtahan rəhbəri, 537 imtahan rəhbəri, 4236 nəzarətçi, 597 buraxılış rejimi əməkdaşı, 187 bina nümayəndəsi cəlb olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, imtahan binasının girişində yoxlama zamanı 3 nəfərdə üzərində gizlədilmiş mobil telefon aşkarlanıb və həmin şəxslər imtahana buraxılmayıblar. 3 nəfərdə isə imtahan zalında mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Bundan əlavə, 1 nəzarətçi zalda köçürməyə şərait yaratdığı üçün imtahandan xaric edilib. Hazırda baş verən hallar araşdırılır. Bir daha xatırladırıq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.
İmtahanda 45679 abituriyentin iştirakı nəzərdə tutulurdu.