Əsas səhifə » Qırğızıstan və Rusiya əməkdaşlığı genişləndirir

Qırğızıstan və Rusiya əməkdaşlığı genişləndirir

BAKI, AzerVoice

Qırğızıstan Prezidenti Sadır Japarov 19 may 2025-ci il tarixində ölkəyə rəsmi səfər edən Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüş keçirib.

AzerVoice xəbər verir ki, tərəflər Qırğızıstan ilə Rusiya arasındakı strateji əməkdaşlıq, parlamentlərarası münasibətlər, ticari-iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələrin inkişafını müzakirə ediblər.

Japarov görüş zamanı Qırğızıstanın Rusiya ilə olan münasibətlərə yüksək önəm verdiyini və bu əlaqələri dostluq, müttəfiqlik və qarşılıqlı hörmət əsasında daha da möhkəmləndirməyə sadiq olduqlarını bildirib.

O, əlavə edib ki, cari il iki ölkə arasında imzalanmış "Əbədi Dostluq, Müttəfiqlik və Tərəfdaşlıq Bəyannaməsi"nin 25 illiyi ilə əlamətdardır və bu kontekstdə münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır.

Sadır Japarov Qırğızıstan-Rusiya strateji tərəfdaşlığının dinamik və sabit şəkildə inkişaf etdiyini qeyd edərək, qarşılıqlı əməkdaşlığın bütün sahələrdə genişləndirilməsinə hazır olduqlarını bildirib. O, parlamentlərarası dialoqu da bu əməkdaşlığın ayrılmaz hissəsi kimi qiymətləndirib.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə Qırğızıstan və Rusiya arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıb və bu münasibətlərin qarşılıqlı hörmət və milli maraqlar nəzərə alınmaqla qurulduğunu qeyd edib.

O, eyni zamanda iki ölkə parlamentləri arasında daimi və sistemli dialoqun aparıldığını bildirib və bu əməkdaşlığın strateji tərəfdaşlığın vacib elementi olduğunu deyib.

Digər Kateqoriyalar

2025 © Azervoice