BAKI,AzerVoice
Qırğızıstanın səhiyyə naziri Erkin Çeçeybayev Çin Xalq Respublikasının Səhiyyə üzrə Dövlət Komitəsinin sədri Li Hayçao ilə görüşüb.
AzerVoice xəbər verir ki, görüş Sian şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin səhiyyə nazirlərinin səkkizinci iclası çərçivəsində baş tutub.
Görüşdə tərəflər ŞƏT çərçivəsində və ikitərəfli əsasda səhiyyə sahəsində əməkdaşlığın gücləndirilməsi və fəallaşdırılması yollarını müzakirə ediblər.
Erkin Çeçeybayev Qırğızıstan ilə Çin arasında səhiyyə sahəsində ənənəvi olaraq sıx və səmərəli əməkdaşlıq həyata keçirildiyini qeyd edib.
"Çin Qırğızıstanın səhiyyə sahəsində əsas tərəfdaşlarından biridir. Tibbi kadrların mübadilə proqramları, müasir avadanlıq və texnologiyaların təmin edilməsi ölkəmizdə tibbi xidmətin keyfiyyətini xeyli yaxşılaşdırıb. Biz əməkdaşlığı dərinləşdirməyə və birgə yeni layihələr üçün imkanlar axtarmağa hazırıq" – deyə nazir bildirib.
Görüşdə xüsusilə yoluxucu olmayan xəstəliklərin profilaktikasına diqqət yetirilib. Bu sahədə Çin böyük nailiyyətlər əldə edib, ölkədə orta ömür uzunluğu 79 yaşa çatıb, ana və uşaq ölümü göstəriciləri isə kəskin azalıb. Çeçeybayev bu sahədə Çin təcrübəsini öyrənməyə maraqlı olduğunu bildirib.
Nazir, həmçinin, Bişkek yaxınlığında müasir tibbi şəhərcik tikintisi planlarından danışıb. Bu layihənin Qırğızıstan prezidenti Sadır Japarovun təşəbbüsü ilə həyata keçirildiyini və Çin tərəfini bu layihəyə qoşulmağa dəvət etdiyini bildirib.
Öz növbəsində Li Hayçao qeyd edib ki, 2025-ci ilin fevralında Qırğızıstan prezidenti Sadır Japarov Çin sədri Si Cinpinin dəvəti ilə Çində olub və bu səfər nəticəsində strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə birgə bəyanat qəbul edilib.
"Bu sənəd səhiyyə sahəsində əməkdaşlığın möhkəm təməlini qoydu. Biz xəstəliklərin profilaktikası, təcili tibbi yardım və telemedisin sahəsində əməkdaşlığa hazırıq" – deyə Li Hayçao bildirib.
O, həmçinin, ənənəvi Çin təbabəti mərkəzinin yaradılması və tibbi şəhərcik layihəsində iştirak etməyə dəstək verəcəyini bildirib.