BAKI, AzerVoice, Fərid Mikayılov
Qazaxıstanda proqnozlaşdırılan uran ehtiyatları 2 milyon tondan artıqdır.
AzerVoice xəbər verir ki, bu barədə ölkənin energetika nazirinin müavini Erlan Akbarov Senatın plenar iclasında çıxışı zamanı məlumat verib.
E.Akbarovun sözlərinə görə, Qazaxıstan ərazisində doqquz uran hövzəsi mövcuddur. Onların arasında ən böyük ehtiyatlara malik Şu–Sarısu və Sır-Dərya hövzələri əsasən hidrogeoloji yataqlar kimi qiymətləndirilir. Digər hövzələrdə isə sərt faydalı qazıntılar üstünlük təşkil edir.
Hazırda Senatda “Yer təki və yer təki istifadəsi haqqında” Qazaxıstan Respublikasının Məcəlləsinə dəyişikliklər birinci oxunuşda müzakirə olunur. Təşəbbüs bu sahədə idarəetmənin təkmilləşdirilməsi, xüsusilə də karbohidrogenlər və uran üzrə yataqların səmərəli istifadəsinə yönəlib.
Qeyd edilib ki, dəyişikliklərin əsas məqsədi karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatına investisiyaların cəlb olunması, həmçinin dövlətin uran sənayesindəki maraqlarının qorunmasıdır.