BAKI, AzerVoice, Fərid Mikayılov
Dekabrın 19-20-də Tokioda Yaponiya-Mərkəzi Asiya Sammiti keçiriləcək. Yaponiya hökuməti Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərini bir araya gətirəcək yüksək səviyyəli toplantının təşkilinə hazırlaşır.
AzerVoice xəbər verir ki, sammit çərçivəsində baş nazir Sanaa Takaiti ilə Mərkəzi Asiya dövlət başçıları arasında ikitərəfli görüşlər də nəzərdə tutulur.
Yaponiyanın hakim Liberal Demokrat Partiyasının sədr müavini Taro Aso sammitin region ölkələri ilə Tokio arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
“Son altı ayda Rusiya, Çin, ABŞ və digər dövlətlər Mərkəzi Asiya ölkələri ilə sammitlər keçiriblər. Yaponiya üçün bu təşəbbüsün uğurla reallaşması ciddi diplomatik önəm daşıyır”- deyə o qeyd edib.
Xatırladaq ki, Yaponiya-Mərkəzi Asiya sammitinin ilk dəfə 2024-cü ilin avqustunda Qazaxıstanda keçirilməsi planlaşdırılsa da, o vaxtkı baş nazir Fumio Kişida ölkədə güclü zəlzələ riskinə hazırlıqla bağlı toplantının təxirə salınmasını təklif etmişdi.