Əsas səhifə » TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib

TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib

Bakı, AzerVoice

Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü Baş Assambleyası keçirilib.

AzerVoice xəbər verir ki, “Türk İnqilabı: Parlament Diplomatiyasının Rolü” mövzusunda keçirilən iclasda iştirak edən parlament sədrləri türk dünyasında qanunverici əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm çağırışlar səsləndiriblər.

Qazaxıstan parlamentinin sədri Yerlan Koşanovun ev sahibliyi ilə baş tutan tədbirdə, Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Qırğızıstan parlamentinin sədri Nurlanbek Turqunbek Uulu, Özbəkistan parlamentinin rəhbərləri, Şimali Kipr Türk Cümhuriyyətindən (KKTC) Ziya Öztürkler və TÜRKPA-nın baş katibi Mehmet Süreyya Ər iştirak ediblər.

Görüşdə çıxış edən Koşanov TÜRKPA-ya sədrliyin Azərbaycandan Qazaxıstana keçdiyini bildirərək, assambleyanın türk dövlətləri arasında hüquqi uyğunlaşma və əməkdaşlıq baxımından effektiv platformaya çevrildiyini vurğulayıb. O, 1926-cı ildə Bakıda keçirilmiş Türkologiya Qurultayını xatırladaraq, gələn ilki 100 illik yubileyin türk dünyasında xüsusi əhəmiyyət daşıyacağını bildirib və bütün üzv ölkələri bu tədbirlərdə fəal iştiraka çağırıb.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova çıxışında XXI əsri türk dünyası üçün yeni imkanlar dövrü adlandıraraq, Azərbaycanın türk dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafında fəal rol oynadığını bildirib. O, TÜRKPA-nın 15 illik fəaliyyəti ərzində parlament diplomatiyasının gücündən səmərəli istifadə edildiyini qeyd edib.

Qırğızıstan parlamentinin sədri Nurlanbek Turqunbek Uulu da parlamentlərarası əməkdaşlığın vacibliyinə toxunaraq, gənc liderlər üçün ortaq platformaların yaradılmasının və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler çıxışında KKTC-nin türk dünyası üçün Şərqi Aralıq dənizinə açılan qapı olduğunu deyib. O, TÜRKPA və Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı gücləndirməkdə israrlı olduqlarını bildirib, həmçinin KKTC-nin 2025-ci ildə ev sahibliyi edəcəyi “Türk Dövlətlərinin Qadın Parlamentarilər Zirvəsi”nin əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, tədbirdə TÜRKPA baş katibi Mehmet Süreyya Ər, Türk Akademiyasının prezidenti Prof. Dr. Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktotı Raimkulova, TDT baş katibinin müavini Merey Mukacanov və bir sıra beynəlxalq təşkilatların nümayəndələri də çıxış ediblər.

Digər Kateqoriyalar

2025 © Azervoice