Bakı. AzerVoice:
Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
AzerVoice xəbər verir ki, Prokurorluq əməkdaşları şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyub, ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad edib.
Qeyd edək ki, bugün Azərbaycanda 20 Yanvar faciəsinin 34-cü ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev oldu. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.




