BAKI,AzerVoice, Nailə Babazadə
İran davam edən hərbi təlim çərçivəsində Hörmüz boğazının bir hissəsinin təhlükəsizlik səbəbilə bu gün bir neçə saatlıq bağlanacağını açıqlayıb.
AzerVoice xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata görə, İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı və Fars körfəzində həyata keçirdiyi təlimlərin əsas mərhələsinə başlayıb. Təlim planına uyğun olaraq, boğazın müəyyən hissəsində gəmi hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Rəsmi məlumatda bildirilir ki, təlimlər dəniz istiqamətindən yarana biləcək təhlükələrə qarşı sürətli və qətiyyətli cavab imkanlarının yoxlanılmasına yönəlib.
Qeyd edək ki, son həftələrdə ABŞ-ın regiondakı hərbi mövcudluğunu artırması və əlavə dəniz qüvvələri yerləşdirməsi fonunda Tehran Fars körfəzi və Hörmüz boğazında genişmiqyaslı təlimlərə başladığını bəyan etmişdi.
Hörmüz boğazı qlobal neft ticarətinin mühüm hissəsinin keçdiyi strateji marşrut hesab olunur. İran daha əvvəl ABŞ-la mümkün qarşıdurma halında bu keçidin bağlana biləcəyini də bildirmişdi.