BAKI, AzerVoice, Nailə Babazadə
Danışıqlar real yanaşma əsasında və həddindən artıq tələblərdən uzaq şəkildə aparılarsa, müsbət istiqamətdə irəliləyə bilər.
AzerVoice xəbər verir ki, bu barədə Şəmxani “Al Jazeera” telekanalına açıqlamasında qeyd edib.
İran Müdafiə Şurasının katibi və İranın ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şəmxani Omanda keçirilən İran-ABŞ danışıqlarına münasibət bildirib.
O qeyd edib ki, regionun təhlükəsizliyi və sabitliyinə zərər verə biləcək addımlardan çəkinmək vacibdir. Onun sözlərinə görə, diplomatik səylər gərginliyin azaldılmasına yönəlib və mövcud mürəkkəb təhlükəsizlik şəraiti yeni koordinasiya mexanizmlərinin yaradılmasını tələb edir.
Mümkün hərbi qarşıdurma ehtimalına da toxunan Şəmxani bildirib ki, İran istənilən “avantüraya” qətiyyətlə cavab verməyə hazırdır və yanlış hesablamaların ağır nəticələri ola bilər.
O, həmçinin İsrailin regiondakı fəaliyyətlərinə dair fikrini bildirərək qeyd edib ki, İsrail ABŞ-ın dəstəyi olmadan ciddi addımlar ata bilməz.
Xatırladaq ki, 2025-ci ilin iyun ayında İsrail və ABŞ-ın İrana qarşı hücumlarından sonra dayandırılan nüvə danışıqları fevralın 6-da Oman’da yenidən başlayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Maskatda keçirilən görüşlər tərəflərin danışıqları davam etdirmək barədə razılığa gəlməsi ilə başa çatıb.