BAKI, AzerVoice, Nailə Babazadə
Fransada təsirini göstərən “Nils” fırtınası səbəbindən 850 minə yaxın ev təsərrüfatında elektrik enerjisi kəsilib.
AzerVoice xəbər verir ki, Fransanın Milli Meteorologiya Xidməti “Meteo-France”ın məlumatına görə, güclü külək, daşqın və qar uçqunu riski ilə əlaqədar 5 departament üzrə qırmızı, 29 departament üzrə isə narıncı xəbərdarlıq elan olunub. Ölkənin cənub-qərbində küləyin sürəti saatda 162 kilometrə çatıb.
Fransanın daxili işlər naziri Loran Nunez bildirib ki, Landes departamentində avtomobilin üzərinə ağacın aşması nəticəsində bir nəfər həyatını itirib. Castelsarrasin şəhərində isə bir nəfər ağır xəsarət alıb. Nazir vətəndaşları ehtiyatlı olmağa və yerli təhlükəsizlik qurumlarının təlimatlarına əməl etməyə çağırıb.
Elektrik infrastrukturuna cavabdeh olan “Enedis” şirkəti ölkə üzrə 850 min evdə enerji kəsintisinin qeydə alındığını açıqlayıb.
Fırtına gündəlik həyatı və nəqliyyatı da iflic edib. Güclü külək nəticəsində Bordo başda olmaqla ölkənin cənub bölgələrində ağaclar kökündən qoparaq yolları bağlayıb. Bu isə avtomobil yollarında, magistrallarda və dəmir yolu reyslərində ciddi gecikmələrə səbəb olub.
Aude departamentinin prefekturası fırtına səbəbindən bütün təhsil müəssisələrinin bağlandığını elan edib. Prefekt Alen Büke bildirib ki, departamentdə təxminən 10 yol hərəkət üçün bağlıdır.