BAKI,AzerVoice
ABŞ-ın Corctaun Universiteti BMT-nin işğal olunmuş Fələstin əraziləri üzrə xüsusi məruzəçisi Françeska Albanize ilə əlaqələrini dayandırıb və onun adını universitetlə bağlı tədqiqatçılar siyahısından çıxarıb.
AzerVoice xəbər verir ki, Albanizenin adı Corctaun Universitetinin Beynəlxalq Miqrasiya Araşdırmaları İnstitutunun rəsmi səhifəsindən silinib, həmçinin ona aid bioqrafik məlumatlar universitetin saytından çıxarılıb. Qərar ABŞ-ın iyul ayında Albanizeyə qarşı tətbiq etdiyi sanksiyalardan sonra verilib.
Albanize qərarı “siyasi təzyiqin nəticəsi” adlandıraraq bildirib ki, sanksiyalar onun İsrailin fələstinlilərə qarşı hərbi əməliyyatlarını sənədləşdirməsi ilə əlaqəlidir. O, beynəlxalq sistemin insan haqları mövzusunda artan həssaslıqdan qorxu keçirdiyini vurğulayıb.
Françeska Albanize İsrailin Qəzzadakı hərbi əməliyyatlarını kəskin tənqid edən əsas beynəlxalq fiqurlardan biri kimi tanınır. İsrail hökuməti onu “arzuolunmaz şəxs” elan edib, ABŞ rəsmiləri isə onun mövqelərini açıq şəkildə qınayıb.
Analitiklər bildirirlər ki, Corctaun Universitetinin qərarı akademik azadlıq, beynəlxalq hüquq və siyasi təzyiqlər arasında artan gərginliyin yeni nümunəsi kimi qiymətləndirilir.