BAKI, AzerVoice
2025-ci il üzrə qlobal valyuta bazarına dair açıqlanan son göstəricilər dünyanın ən zəif pul vahidlərinin siyahısını yenidən gündəmə gətirib. Beynəlxalq maliyyə platformalarının məlumatlarına əsasən, ən zəif valyuta statusunu bir ərəb ölkəsinin pul vahidi – Livan lirəsi qoruyub saxlayır.
Analitik hesabatlarda qeyd olunur ki, valyutanın zəifliyi birbaşa ölkənin iqtisadi dayanıqlığının göstəricisidir. Güclü və sabit valyutalar sağlam iqtisadi modeldən xəbər verdiyi halda, kəskin dəyər itkiləri inflyasiya, siyasi qeyri-sabitlik, müharibə və struktur problemlərlə əlaqələndirilir.
Mütəxəssislərin fikrincə, valyutaların zəifləməsinə səbəb olan əsas amillər sırasında mərkəzi bankların müdaxiləsi, idxalın ixracı üstələməsi, yüksək inflyasiya, işsizliyin artması, müharibələr və uzunmüddətli siyasi böhranlar xüsusi yer tutur. Bu amillər təkcə makroiqtisadi göstəricilərə deyil, əhalinin gündəlik həyatına, alıcılıq qabiliyyətinə və sosial rifaha da ciddi təsir göstərir.
Dünyanın ən zəif valyutaları
2025-ci il üçün açıqlanan siyahıya görə, Livan lirəsi (1 ABŞ dolları ≈ 89 500 lirə) dünyanın ən zəif valyutası hesab olunur. Ölkədə uzun illərdir davam edən iqtisadi tənəzzül, bank sektorunun çökməsi, siyasi böhran və son dövrlərdəki regional gərginliklər lirənin kəskin dəyər itirməsinə səbəb olub.
İkinci yerdə İran rialı qərarlaşıb. Beynəlxalq sanksiyalar, yüksək inflyasiya və məhdud xarici investisiyalar İran valyutasını ciddi təzyiq altında saxlayır. Siyahının davamında Vyetnam donqu, Laos kipi, İndoneziya rupiyası, Özbəkistan somu, Suriya lirəsi, Qvineya frankı, Paraqvay quaranisi və Madaqaskar ariari yer alır.
Ərəb dünyasında vəziyyət
Hesabatda qeyd olunur ki, 2025-ci ildə ən zəif 5 ərəb valyutası sırasında Livan və Suriya lirələri ilə yanaşı İraq dinarı, Sudan funtu və Yəmən rialı da yer alır. Bu ölkələrin əksəriyyətində zəif valyuta problemi uzunmüddətli münaqişələr, siyasi qeyri-sabitlik və iqtisadi islahatların gecikməsi ilə izah olunur.
Maliyyə analitikləri bildirirlər ki, zəif valyuta ixrac üçün müəyyən üstünlüklər yaratsa da, uzunmüddətli perspektivdə inflyasiyanın dərinləşməsi, yoxsulluğun artması və investisiya axınının zəifləməsi kimi ciddi risklər formalaşdırır.
Ekspertlərin qənaətinə görə, siyahıda yer alan ölkələr üçün əsas çıxış yolu makroiqtisadi sabitliyin bərpası, struktur islahatları, maliyyə sektorunun gücləndirilməsi və siyasi risklərin azaldılmasıdır. Əks halda, valyuta böhranlarının sosial və iqtisadi nəticələrinin daha da ağırlaşacağı istisna edilmir.