BAKI, AzerVoice, Nailə Babazadə
Əfqanıstan rəhbərliyi bildirib ki, Türkiyə və Qətərin vasitəçiliyi ilə İstanbulda keçirilən görüşlərdə həll olunmamış məsələləri müzakirə etmək üçün Pakistanla yenidən bir araya gəlmək barədə razılığa gəlinib.
AzerVoice xəbər verir ki, Əfqanıstan rəhbərliyinin sözçüsü Zabihullah Mücahid ABŞ-ın X sosial media platformasında paylaşım edərək, 25-30 oktyabr tarixlərində ölkəsi ilə Pakistan arasında İstanbulda keçirilən görüşləri qiymətləndirib.
Mücahid bildirib ki, Pakistanla qarşılıqlı hörmət, daxili işlərə müdaxilə etməmə və etimad üzərində qurulmuş müsbət münasibətlər yaratmaq məqsədini güdürlər.
O, anlaşmazlıqların həllində diplomatiya və qarşılıqlı anlaşmanın əsas götürüldüyünü vurğulayıb.
“Xüsusilə mürəkkəb xarakter daşıyan İstanbul görüşləri, tərəflərin həll olunmamış məsələləri müzakirə etmək üçün yenidən bir araya gəlməsi barədə razılığa gəlməsi ilə başa çatdı.” - deyə qeyd edib.
Mücahid görüşlərə vasitəçilik edən Türkiyə və Qətərə də təşəkkürünü bildirib.
Pakistan və Əfqanıstan arasında baş vermiş sərhəd toqquşmalarından sonra 15 oktyabrda elan olunan 48 saatlıq atəşkəs, Türkiyə və Qətərin dəstəyi ilə Qətərin paytaxtı Dohada keçirilən danışıqların sonuna qədər uzadılmışdı.
Doha görüşlərinə, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da qatılmışdı.
Görüşlərin əsas gündəliyini “mövcud atəşkəsin uzadılması və son dövrdə baş vermiş sərhəd toqquşmalarının həlli” təşkil etmiş və tərəflər razılığa gəlmişdi.
Qeyd edək ki, Dohada 14 saat davam edən danışıqlardan sonra atəşkəsin detalları üzərində işləyəcək texniki komitənin ilk toplantısının İstanbulda keçirilməsi qərara alınmışdı.
Pakistan mətbuatına görə, Pakistan və Əfqanıstan heyətləri bu məqsədlə 25 oktyabrda İstanbulda görüşmüşdü.
