BAKI, AzerVoice, Nailə Babazadə
ABŞ-ın paytaxtı Vaşinqtona yerləşdirilən Milli Qvardiya bölmələrinin 2026-cı ilin fevralına qədər fəaliyyətini davam etdirəcəyi iddia edilir.
AzerVoice xəbər verir ki, CNN-in mövzu ilə bağlı məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, Müdafiə naziri Pit Hegseth Milli Qvardiya qüvvələrinin xidmət müddətini uzadıb.
Məlumata əsasən, xidməti noyabr ayının sonunda başa çatacaq bölmələrin 2026-cı ilin fevralına qədər paytaxt Vaşinqtonda yerləşməyə davam etməsi gözlənilir.
Qeyd edək ki, Vaşinqton administrasiyası, miqrasiya siyasətinə qarşı keçirilən etiraz aksiyalarını nəzarət altına almaq məqsədilə iyun ayında Los Ancelesə, avqust ayında isə cinayətkarlığa qarşı mübarizə çərçivəsində paytaxt Vaşinqtona Milli Qvardiya qüvvələrini yerləşdirmişdi.
Prezident Trampın Vaşinqton Polis İdarəsi üzərində federal nəzarəti təmin etmək və paytaxtda patrul xidmətləri üçün Milli Qvardiyanı yerləşdirmə qərarı “təhlükəli şəkildə gücün ələ keçirilməsi” kimi qiymətləndirilərək tənqidlərə səbəb olmuşdu.
ABŞ administrasiyası 4 oktyabrda Oreqon ştatının Portland şəhərinə təxminən 200 Milli Qvardiya əsgəri göndərmiş, 6 oktyabrda isə Texas ştatından 400-ə yaxın Milli Qvardiya əsgərinin Oreqon, İllinoys və digər ştatlarda yerləşdirilməsinə qərar vermişdi.
Ştat administrasiyaları bu qərarlara qarşı məhkəmə iddiaları qaldırarkən, hüquqi proses hələ də davam edir.