BAKI, AzerVoice, Nailə Babazadə
İspaniyada azlıq sol koalisiya hökuməti İsrailə tam silah embarqosu tətbiq edən Krallıq fərmanını təsdiqlədi.
AzerVoice xəbər verir ki, Hökumət Nazirlər Kabinetinin həftəlik iclasında İsrailə qarşı sanksiyalarla bağlı yarımçıq qalmış fərmanları təsdiqlədiyini açıqlayıb.
Jurnalistlərə açıqlama verən İspaniya İqtisadiyyat, Ticarət və Şirkətlər naziri Carlos Cuerpo deyib ki, “İsrailə tam silah embarqosu üçün Krallıq fərmanı təsdiqləndi. Bu qərar, bütün müdafiə avadanlıqlarının və ikili təyinatlı məhsul və texnologiyaların İsrailə ixracı və idxalını qadağan edir.”
“Qəzzadaki soyqırıma qarşı və Fələstin xalqına dəstək” adı altında İsrailə qarşı qəbul edilən sanksiyalar hökumətin, İspaniyanın və Baş nazir Pedro Sançesin beynəlxalq liderliyinin, insan haqlarına hörmətə dair siyasi qərarlılığının bir sübutudur.“- deyə Cuerpo əlavə edib.
Nazir Cuerpo həmçinin bildirib ki, İsrailə qarşı sanksiyalar çərçivəsində, İsraillə əlaqəli hərbi məqsədli istifadə potensialı olan təyyarə yanacağı tranzitinə edilən müraciətlərin rədd edilməsi, işğal altındakı Fələstin torpaqlarındakı qeyri-qanuni yaşayış məntəqələrindən gələn məhsulların idxalının və bu məhsulların reklamının qadağan olunması ilə bağlı fərmanlar da təsdiqlənib.
O, qeyd edib ki, bu məhsulların idxalına qadağanın İspaniya üçün əhəmiyyətli iqtisadi təsiri olmasa da, həmin İsrail şirkətləri üçün mənalı təsiri ola bilər. “Biz bu tədbirləri Qəzzədəki soyqırımın dayandırılması və İsrail üzərindəki siyasi təzyiqin artırılması üçün qəbul edirik”, – deyə əlavə edib.
Cuerpo bildirib ki, hökumət İsrailə qarşı sanksiyalarla bağlı qərarları hər üç ayda bir ictimaiyyətə açıqlayacaq. O, İsrailin Qəzzədəki soyqırımını qınamağa davam etdiklərini və eyni zamanda, HƏMAS-ın girovları dərhal azad etməsini tələb etdiklərini vurğulayıb.
Cuerpo onu da qeyd edib ki, İsrailə qarşı tətbiq olunan sanksiyalarla bağlı hüquqi baza bu gün təsdiqlənən fərmanlarla təmin edilib.
Digər tərəfdən, Hökumət sözçüsü və Təhsil naziri Pilar Alegria bildirib: “Baş nazir Sançesin BMT-də vurğuladığı kimi, Fələstin Dövlətini tanımaq təxirə salınmamalıdır. İspaniya bu addımı may ayında atdı və indi Fransanın, Portuqaliyanın, Kanadanın, Böyük Britaniyanın, Avstraliyanın da bu addımı atdığını görürük. İspaniya, İsrail və Fələstinin iki dövlətli həll çərçivəsində birgə yaşaması üçün ilk andan bəri əsas rol oynayıb.”
Qeyd edək ki, İspaniya hökuməti 9 sentyabrda İsrailə qarşı 9 maddəlik sanksiya paketi açıqlamış, bu paketdə yer alan tam silah embarqosu və digər hərbi məsələlərlə bağlı qərarların texniki və hüquqi səbəblərlə bu günədək təsdiqlənmədiyini bildirmişdi.