BAKI, AzerVoice
Tesla “robotaksi” xidmətini iyunun 22-də istifadəyə verə bilər.
AzerVoice xəbər verir ki, Tesla və SpaceX-in rəhbəri İlon Mask iyunun 22-də sürücüsüz “robotaksi” xidmətinin sınaq mərhələsində istifadəyə veriləcəyini bildirib.
Mask X sosial platformasında yayımladığı açıqlamada, xidmətin ilkin olaraq Texas ştatının Ostin şəhərində istifadəyə veriləcəyini qeyd edib. O, bu prosesin “müvəqqəti” xarakter daşıdığını və Teslanın təhlükəsizlik məsələlərinə “həddindən artıq ehtiyatla” yanaşdığı üçün tarixdə dəyişiklik ola biləcəyini də əlavə edib.
ABŞ mətbuatının yazdığına görə, investorlar, analitiklər və avtomobil texnologiyalarının həvəskarları yeni sürücüsüz taksi xidmətini səbirsizliklə gözləyir.
Qeyd edək ki, Mask daha əvvəl CNBC-yə verdiyi açıqlamada, xidmətin ilkin mərhələdə uzaqdan nəzarətlə fəaliyyət göstərəcəyini və yalnız müəyyən təhlükəsiz şəhər zonalarında istifadəyə veriləcəyini bildirmişdi.