BAKI, AzerVoice
Sosial şəbəkələrdə paylaşım artdıqca kibertəhlükələr də çoxalır.
AzerVoice xəbər verir ki,
texnologiyanın inkişafı ilə kibercinayətkarların istifadə etdiyi
üsullar da təkmilləşir.
Sosial şəbəkələrdə tez-tez paylaşılan fotoşəkillər isə yeni təhlükə
mənbəyinə çevrilir. Xüsusilə üz cizgilərinin aydın göründüyü
fotolar, süni intellekt vasitəsilə müxtəlif saxtakarlıq
fəaliyyətlərində istifadə oluna bilər.
Sosial Media və Rəqəmsal Təhlükəsizlik Mütəxəssisi Levent Eraslan bildirib ki, “deepfake” texnologiyası artıq istifadəçinin səsini, jest və mimikalarını, hətta hərəkətlərini təqlid edərək saxta görüntülər yarada bilir. Onun sözlərinə görə, əvvəllər komanda işi olan bu texnologiyalardan artıq təkcə bir telefon vasitəsilə də istifadə mümkündür. "Sizin adınıza saxta şəxsiyyət vəsiqəsi düzəldə, fırıldaqçılıq məqsədilə kampaniyalar yarada və ya sizi danışdıraraq mənfi informasiyalar yaya bilərlər", – deyə o əlavə edib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, paylaşılan fotolardakı fon detallarında – ünvan, ev və ya iş yeri kimi məlumatlar da fiziki təhlükə yarada bilər. Hər bir əlavə paylaşım, potensial risk və qurban olma ehtimalını artırır.
Qeyd edək ki, Levent Eraslan sosial mediada ehtiyatlı davranmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, foto və məlumatlar internetdə heç vaxt tamamilə silinmir. “Özünüzü geniş bucaqdan əks etdirən şəkillər əvəzinə bulanıq və ya yandan çəkilmiş görüntülərə üstünlük vermək daha təhlükəsizdir. Eviniz, ailəniz və gündəlik həyatınıza dair fotoları tez-tez paylaşmamağınız tövsiyə olunur”, – deyə o bildirib.