Əsas səhifə » Sosial media uşaqlarda psixoloji riskləri artırır

Sosial media uşaqlarda psixoloji riskləri artırır

BAKI, AzerVoice

Sosial media uşaqlarda depressiya riskini artırır.

AzerVoicexəbər verir ki, ABŞ-ın Kaliforniya San Fransisko Universiteti (UCSF) tərəfindən aparılan və JAMA Network Open jurnalında dərc olunan yeni araşdırma sosial mediadan istifadənin uşaqlarda depressiya əlamətlərinin artmasına səbəb ola biləcəyini ortaya çıxarıb.

Üç il ərzində 9-13 yaş aralığında olan 12 min uşağın izlənildiyi tədqiqatda onların sosial mediaya gündəlik sərf etdiyi vaxtın 7 dəqiqədən 73 dəqiqəyə yüksəldiyi və bu dövrdə depressiya əlamətlərinin 35 faiz artdığı müəyyən olunub.

Araşdırmanın müəllifi Dr. Jason Nagata qeyd edib ki, bu nəticələr sosial medianın təkcə mövcud psixoloji vəziyyəti əks etdirmədiyini, eyni zamanda depressiyanın inkişafına da təsir göstərə biləcəyini göstərir.

Qeyd edək ki, əvvəlki araşdırmalarda sosial medianın yaratdığı kiber zorakılıq və yuxu pozğunluqları uşaqların psixi sağlamlığı üçün risk faktoru kimi qiymətləndirilir. Həmin tədqiqatlarda həmçinin sosial mediada zorakılığa məruz qalan uşaqlarda intihar düşüncələrinin və zərərli vərdişlərə meylin ciddi şəkildə artdığı da aşkarlanıb.

Mütəxəssislər valideynlərə Ailə Media Planı kimi vasitələrlə uşaqların rəqəmsal vərdişlərini nəzarətdə saxlamağı tövsiyə edir və ailədaxili açıq ünsiyyətin önəmini vurğulayırlar.

Digər Kateqoriyalar

2025 © Azervoice