Əsas səhifə » İran və Avropa İstanbulda yeni nüvə görüşünə hazırlaşır

İran və Avropa İstanbulda yeni nüvə görüşünə hazırlaşır

BAKI, AzerVoice

İran dövlət televiziyası İran və Böyük Britaniya, Fransa və Almaniya arasında nüvə müzakirələrinin iyulun 25-də İstanbulda keçiriləcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, İran, 25 iyul Cümə günü İstanbulda keçiriləcək nüvə danışıqlarında xarici işlər nazir müavinləri səviyyəsində təmsil olunacaq

25 iyul Cümə günü İstanbulda xarici işlər nazir müavinləri səviyyəsində keçiriləcək nüvə danışıqlarında İranı xarici işlər nazirinin müavinləri Məcid Tahtrevançi və Kazım Qaribabadi təmsil edəcək.

İran və “E3” olaraq tanınan nüvə anlaşmasının Avropa tərəfləri — Böyük Britaniya, Fransa və Almaniya — 16 mayda da İstanbulda xarici işlər nazir müavinləri səviyyəsində görüş keçirmişdilər. Tərəflər, ABŞ ilə İran arasında davam edən danışıqlarla paralel olaraq müzakirələrin davam etdirilməsi barədə razılığa gəlmişdi.

Qeyd edək ki, İran ilə ABŞ arasında danışıqlar davam etdiyi bir vaxtda, İsrail 13 iyun tarixində İrana hücuma başlayıb və nəticədə həm ABŞ, həm də Avropa ilə olan danışıqlar prosesi dayandırılmışdı.

İran 2015-ci ildə imzalanan nüvə sazişi ilə ləğv edilən BMT sanksiyalarının yenidən tətbiqinə səbəb ola biləcək “tetik mexanizmi (snapback)” adlanan maddənin Avropa ölkələri tərəfindən işə salınmasından narahatdır. Qeyd olunan mexanizmin müddəti 18 oktyabrda başa çatır. İranın nüvə proqramı ilə bağlı razılıq əldə olunmasa, Avropa ölkələrinin bu tarixdən əvvəl mexanizmi işə sala biləcəyi ehtimal olunur.

2015-ci il nüvə sazişi və "tetik mexanizmi"

İran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya arasında 14 iyul 2015-ci ildə imzalanan razılaşma çərçivəsində, sanksiyaların ləğvi qarşılığında İranın nüvə fəaliyyətləri məhdudlaşdırılmışdı. ABŞ 2018-ci ildə bu sazişdən birtərəfli qaydada çıxmış və İrana qarşı sanksiyaları bərpa etmişdi. İran Avropa ölkələrindən ABŞ-ın sanksiyalarını kompensasiya edəcək tədbirlər görmələrini tələb etsə də, onlar yalnız bu addımı tənqid etmiş, lakin konkret tədbir görməmişdilər.

Bunun nəticəsində İran bir il sonra saziş üzrə öhdəliklərini mərhələli şəkildə dayandırmağa başlayıb və daha sonra yüksək səviyyəli uran zənginləşdirmə fəaliyyətlərinə yönəlmişdi.

Böyük Britaniya, Fransa və Almaniya isə ABŞ-ın birtərəfli çıxışından sonra artıq qüvvədə olmayan nüvə sazişində yer alan və “snapback” adlandırılan — İrana qarşı sazişin pozulması səbəbi ilə BMT sanksiyalarının bərpasını mümkün edən — maddəni işə salmaqla hədələyir.

İranın Xarici İşlər naziri Abbas Əraqçi isə Avropa tərəflərinin “sazişin əsaslarını pozduqları” və “sazişdəki iştirakçı statuslarını itirdikləri” üçün bu mexanizmi işə salmaq üçün hüquqi əsaslarının olmadığını bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice