BAKI, AzerVoice
ABŞ Prezidenti Donald Tramp, ölkəsinin İranın nüvə obyektlərinə qarşı keçirdiyi hücumlarla bağlı sərt açıqlama verib. Tramp bildirib ki, İranın nüvə obyektləri ABŞ tərəfindən məhv edilib və ehtiyac yaranarsa, bu hücumlar təkrarlana bilər.
AzerVoice xəbər verir ki, Truth platformasında paylaşım edən Tramp, İranın Xarici İşlər naziri Abbas Əraqçinin açıqlamasına istinad edib.
Əraqçi nüvə obyektlərinə dəyən ziyanın “çox ciddi” olduğunu və “obyektlərin məhv edildiyini” demişdi.
Tramp, CNN telekanalını da tənqid atəşinə tutub. O, CNN-in ABŞ hücumlarının Tehranın nüvə silahı istehsalına tam təsir etmədiyi ilə bağlı xəbərini “yalan” adlandırıb.
“CNN dərhal yalançı müxbirini işdən çıxarmalı, məndən və İranın nüvə obyektlərini ‘məhv edən’ pilotlarımızdan üzr istəməlidir” - deyə Tramp qeyd edib.
Digər tərəfdən, İranın Xarici İşlər naziri Abbas Əraqçi Fox News kanalına verdiyi müsahibədə Tehranın nüvə zənginləşdirmə proqramından imtina etməyəcəyini bildirib.
“Bəli, zənginləşdirmə hal-hazırda dayanıb. Çünki zərər ciddi və ağırdır. Amma bu proqramdan imtina edə bilmərik. Bu, bizim alimlərimizin uğurudur və artıq milli qürur məsələsidir.” - deyə Əraqçi vurğulayıb.