BAKI, AzerVoice, Orxan Qədirzadə
Rusiya beynəlxalq münasibətlər sisteminin yenidən formalaşdırılmasının vacibliyini bəyan edib.
AzerVoice xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu barədə xarici ölkələrin səfirlərinin etimadnamələrinin təqdim olunması mərasimində çıxışı zamanı danışıb. Dövlət başçısı bildirib ki, Rusiya istisnasız olaraq bütün ölkələrlə əməkdaşlığa açıqdır.
Putinin sözlərinə görə, Ukrayna böhranı Rusiyanın maraqlarının uzun illər ərzində nəzərə alınmamasının birbaşa nəticəsidir. Prezident qeyd edib ki, bu müddət ərzində Rusiyanın təhlükəsizliyinə qarşı sistemli təhdidlər formalaşdırılıb.
Rusiya lideri vurğulayıb ki, təhlükəsizlik hərtərəfli, bərabər və bölünməz olmalıdır. Onun fikrincə, bir dövlətin təhlükəsizliyi digər dövlətlərin təhlükəsizliyi hesabına təmin edilə bilməz. Bu prinsipin beynəlxalq hüququn əsas sənədlərində təsbit olunduğunu xatırladan Putin bildirib ki, həmin prinsipə məhəl qoyulmaması heç vaxt müsbət nəticə verməyib.
Prezident Ukrayna ətrafında yaranmış böhranın da məhz bu yanaşmanın nəticəsi olduğunu deyərək, NATO blokunun Rusiya sərhədlərinə doğru genişlənməsinin ölkənin təhlükəsizliyinə yönəlmiş məqsədyönlü siyasət kimi qiymətləndirildiyini açıqlayıb.
Putin münaqişənin mümkün qədər tez sülh yolu ilə nizamlanmasının vacibliyini vurğulayıb. O, Moskvanın təhlükəsizlik sahəsində irəli sürdüyü təşəbbüslərin yenidən müzakirə olunmasının zəruri olduğunu bildirib və Rusiyanın Avropa və qlobal təhlükəsizlik üçün yeni, etibarlı və ədalətli arxitektura modelləri təklif etdiyini xatırladıb.
Rusiya prezidenti beynəlxalq arenada vəziyyətin pisləşdiyini qeyd edərək, dünya ictimaiyyətini beynəlxalq hüquq normalarına əməl olunmasını tələb etməyə çağırıb. O, Kubanın suverenliyini qorumaq niyyətini dəstəklədiyini bildirib, eyni zamanda Rusiyanın Əfqanıstanın güclü, sabit və narkotik dövriyyəsindən azad bir dövlətə çevrilməsində maraqlı olduğunu qeyd edib.
Çıxışının sonunda Vladimir Putin Rusiyanın bundan sonra da ölçülüb-biçilmiş və balanslı xarici siyasət kursu yürüdəcəyini vurğulayıb.