BAKI, AzerVoice, Orxan Qədirzadə
Böyük Britaniya Sudanda mövcud olan Çevik Dəstək Qüvvələrinin (RSF) dörd yüksək rütbəli komandirinə qarşı sanksiyalar tətbiq edib. London onların Darfurun Əl-Fəşir şəhərində kütləvi qətllər, sistemli cinsi zorakılıq və mülki şəxslərə qəsdən hücumlarla əlaqəli olduğuna dair əsaslı şübhələrin mövcud olduğunu bildirib. Sanksiyalar aktivlərin dondurulması və səyahət qadağasını nəzərdə tutur.
AzerVoice xəbər verir ki, Böyük Britaniyanın XİN-i açıqlayıb ki, sanksiya siyahısına RSF-in sədr müavini Abdul Rahim Hamdan Dagalo (RSF lideri general Hemedtinin qardaşı), Şimali Darfur üzrə RSF komandiri Gedo Hamdan Ahmed, RSF-in briqada generalı Əl-Fateh Abdullah Idris və sahə komandiri Ticani Ibrahim Moussa Məhəmməd daxil edilib.
Rəsmi məlumata görə, Əl-Fəşirdə baş verənlər “təsadüfi” deyil, “əhali üzərində qorxu və zorakılıqla nəzarəti ələ keçirməyə yönəlmiş məqsədli strategiyanın” tərkib hissəsi kimi qiymətləndirilir. London peyk təsvirlərinin yandırılmış və basdırılmış qurbanların olduğu kütləvi məzarlıqlara dair əlamətlər göstərdiyini də qeyd edib.
Böyük Britaniyanın xarici işlər naziri Yvette Cooper Sudanda baş verənləri “dünyanın vicdanını sarsıdan” dəhşətli cinayətlər kimi dəyərləndirib və məsul şəxslərin cəzasız qalmayacağını bildirib.
London eyni zamanda Sudanda ən çox zorakılıqdan zərər çəkən bölgələrdə ərzaq, içməli su, səhiyyə və qadınlarla uşaqların qorunması üçün əlavə 21 milyon funt sterlinq yardım ayırdığını, bu il üzrə ümumi yardım öhdəliyinin isə 146 milyon funt sterlinqə çatdığını açıqlayıb.