BAKI, AzerVoice, Orxan Qədirzadə
Suriyada 2024-ci il və ondan əvvəlki dövrlərə aid vergi və rüsumların gecikdirilmiş ödənişlərinə görə hesablanmış faizlər və cərimələrə amnistiya tətbiq edilib.
AzerVoice xəbər verir ki, Suriya Prezidentinin fərmanı ilə verilən qərar ölkənin rəsmi informasiya agentliyi SANA tərəfindən açıqlanıb.
Məlumatda qeyd olunur ki, fərman vergi ödəyicilərinə müəyyən müddət ərzində ödəniş etdikləri halda bütün cərimə və faizlərdən tam və ya qismən azad olunmaq imkanı yaradır. Belə ki, vergilərini 2026-cı il martın 31-dək ödəyənlər faiz və cərimələrdən tam şəkildə azad ediləcək. 2026-cı il aprelin 1-dən iyunun 30-dək ödəniş edənlər isə tətbiq olunmuş cərimələrin yalnız yarısını ödəyəcək.
Qərarın məqsədinin vergi yükünü yüngülləşdirmək və ölkədə iqtisadi dövriyyəni stimullaşdırmaq olduğu bildirilir.