BAKI, AzerVoice
Pakistanın keçmiş kəşfiyyat rəhbəri Feyz Həmid hərbi məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.
AzerVoice xəbər verir ki, ordunun cümə axşamı yayımladığı bəyanata görə, o, siyasətə müdaxilə də daxil olmaqla dörd müxtəlif maddə üzrə təqsirli bilinib. Bu qərar ölkənin ən nüfuzlu hərbi fiqurlarından birinin nadir məhkumluqlarından biri kimi qiymətləndirilir.
Məlumata görə, Həmid 2019–2021-ci illərdə, hazırda həbsdə olan sabiq Baş nazir İmran Xanın dönəmində Pakistanın güclü Kəşfiyyat Xidmətinə (ISI) rəhbərlik edib və o zaman Xanın ən yaxın müttəfiqlərindən sayılırdı. O, ötən ilin avqustundan bəri həbsdə saxlanılır.
Ordunun açıqlamasında qeyd olunub ki, ittihamlar siyasi fəaliyyətlərdə iştirak etmək, dövlətin təhlükəsizliyinə və maraqlarına zərər vurmaqla dövlət sirrləri haqqında qanunu pozmaq, səlahiyyətdən və dövlət resurslarından sui-istifadə, eləcə də şəxslərə əsassız zərər vurmaqdan ibarətdir. Hərbi məhkəmə keçmiş generalı bütün maddələr üzrə təqsirli bilsə də, işin detalları açıqlanmayıb. Hökmün “uzun hüquqi prosedurdan sonra” çıxarıldığı, Həmidin isə qərardan şikayət vermək hüququnun olduğu bildirilir.
Keçmiş kəşfiyyat rəhbəri eyni zamanda 2023-cü ilin mayında İmran Xanın həbsi fonunda minlərlə tərəfdarın hərbi obyektlərə hücum etməsi ilə bağlı ayrıca istintaqa cəlb edilib. Pakistanın informasiya naziri Atəullah Tarar onun “qırmızı xətləri keçdiyini” və ölkədə xaos yaratmaq məqsədilə İmran Xanın partiyasına qeyri-rəsmi məsləhətçi kimi xidmət göstərdiyini bildirib.
Həmidin vəkilləri və ailə üzvləri məsələ ilə bağlı şərh vermək imkanına malik olmayıb. İmran Xanın rəhbərlik etdiyi Pakistan Təhriqi-İnsaaf Partiyası isə “Reuters”in sorğusuna cavab verməyib. Sabiq baş nazir 2023-cü ilin avqustundan etibarən həbsdə saxlanılır.