BAKI, AzerVoice
9 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı direktoru Natiq Baxışov ilə görüş keçirib. Görüş zamanı BFB-nin USACC-yə üzv qəbul edilməsi rəsmiləşdirilib və tərəflər 2026-cı il üçün əməkdaşlıq strategiyasını müzakirə ediblər.
AzerVoice xəbər verir ki, görüşdə BFB və USACC rəhbərliyi qarşılıqlı investisiya axınlarının inkişafı və Azərbaycan ilə ABŞ arasında kapital bazarı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Tərəflər 2026-cı ildə müxtəlif sahələri əhatə edəcək layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
BFB tərəfindən ABŞ-da fəaliyyət göstərən kapital bazarı iştirakçıları ilə əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı investisiyalar üçün əlverişli şəraitin yaradılması prioritet istiqamət kimi vurğulanıb.
Görüş zamanı BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov vurğulayıb: “USACC -yə üzvlüyümüz bizim üçün ABŞ bazarı ilə potensial əməkdaşlıq imkanlarının araşdırılmasında böyük dəstək verəcəkdir. Bakı Fond Birjası həm kapital bazarı iştirakçıları, peşəkar investisiya xidmətləri təminatçıları və bankları, həm də investisiya texnologiya vendorları ilə qarşılıqlı əlaqələrin və əməkdaşlıqların qurulmasında maraqlıdır”.
“Bakı Fond Birjasını USACC-nin üzvləri sırasında görmək bizim üçün böyük məmnuniyyət doğurur. Kapital bazarı sahəsində əməkdaşlıq ABŞ və Azərbaycan arasında biznes əlaqələrinin dərinləşdirilməsində əhəmiyyətli rol oynayır. USACC olaraq biz maliyyə sektorunda ikitərəfli əlaqələrin inkişafına töhfə verməyə və BFB ilə birgə layihələrin həyata keçirilməsinə dəstək verməyə hazırıq,” — Natig Baxışov, USACC İcraçı Direktoru.
Tərəflər 2026-cı il üçün əməkdaşlıq strategiyasının hazırlanması və konkret layihələrin müəyyənləşdirilməsi üzərində işləməyə razılıq veriblər.