BAKI, AzerVoice, Orxan Qədirzadə
Sudanda həyata keçirilən 760 nömrəli təcili humanitar layihə çərçivəsində ehtiyac sahibi ailələrə isti yeməklər paylanılıb. Uzun müddətdir davam edən münaqişələr səbəbindən bölgədə yaranmış humanitar böhran fonunda qida çatışmazlığından əziyyət çəkən ailələr üçün yardım proqramı 1–3 dekabr 2025-ci il tarixlərində icra olunub.
AzerVoice xəbər verir ki, Al Baraka Azerbaijan könüllülərinin məlumatına görə, layihə Xartum və Um Durman şəhərlərinin Aburof, Əl-Hara 2 və Əl-Hara 8 rayonlarını əhatə edib. Üç gün davam edən aksiya zamanı aztəminatlı ailələrə isti yeməklər təqdim olunub və ümumilikdə 900 nəfər zəruri qida ilə təmin edilib.
Humanitar təşəbbüsün məqsədi qida çatışmazlığı ilə üzləşən ailələrin minimum ehtiyaclarını qarşılamaq və çətin şəraitdə yaşayan əhali qruplarına dəstək göstərmək olub. Layihənin təşkilatçıları bildiriblər ki, proqram həm sosial dəstəyin gücləndirilməsinə, həm də yerli icmaların humanitar vəziyyətinin yüngülləşdirilməsinə töhfə verib.
Al Baraka Azerbaijan təşəbbüsə dəstək verən xeyriyyəçilərə təşəkkür edərək qeyd edib ki, humanitar yardım sayəsində yüzlərlə ailəyə həm qida təminatı, həm də mənəvi dəstək çatdırılıb.