BAKI, AzerVoice, Orxan Qədirzadə
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani Moskvada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının 24-cü iclasında iştirak edib.
AzerVoice xarici KİV-lərə istinadən xəbər verir ki, iclasda çıxış edən Qətər Baş naziri ölkəsinin bu beynəlxalq platformada iştirakının, ŞƏT-in əsasını təşkil edən həmrəylik və əməkdaşlıq prinsiplərinə sadiqliyinin göstəricisi olduğunu bildirib. O qeyd edib ki, təşkilat illər ərzində təhlükəsizlik, iqtisadi əməkdaşlıq və mədəni mübadilə sahələrində səmərəli dialoq və konstruktiv əməkdaşlıq üçün effektiv platformaya çevrilib.
Əl Tani Qətərin mövqeyinin Şanxay Xartiyasında əks olunan qarşılıqlı etimad, bərabərlik, mədəni müxtəlifliyə hörmət və ortaq inkişaf kimi prinsiplərlə üst-üstə düşdüyünü vurğulayıb. O bildirib ki, davamlı inkişaf və hərtərəfli təhlükəsizlik dövlətlərin rifahı və sabitliyi üçün əsas baza rolunu oynayır.
Baş nazir Qətərin Milli İnkişaf Vizyonu 2030 çərçivəsində iqtisadi diversifikasiya, insan potensialına sərmayə və ətraf mühitin qorunması kimi istiqamətlər üzrə balanslaşdırılmış inkişaf strategiyasını həyata keçirdiyini qeyd edib. O həmçinin Qətərin ŞƏT ilə tərəfdaşlığı strateji əhəmiyyətli hesab etdiyini və Dialoq Partnyoru statusunun gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümid etdiyini bildirib.
Əl Tani dünyada mövcud iqtisadi yavaşlama, humanitar böhranlar, ekoloji problemlər və beynəlxalq təhlükəsizliyə təhdidlər fonunda kollektiv səylərin vacibliyini vurğulayıb. Bu baxımdan Qətərin təşkilat çərçivəsində inkişaf əməkdaşlığı, sivilizasiyalararası dialoq, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyətə böyük önəm verdiyini bildirib.
Baş nazir Qətərin vasitəçilik fəaliyyətinin ölkənin konstitusional öhdəliyi olduğunu xatırladaraq, Dohanın regional və beynəlxalq münaqişələrin həllinə töhfə verən etibarlı tərəfdaş kimi fəaliyyət göstərdiyini qeyd edib. O, görüşün təşkilinə görə Rusiya Federasiyasına və ŞƏT-in Baş katibinə təşəkkürünü bildirib.
İki gün davam edən iclasda üzv dövlətlər arasında ticarət, iqtisadiyyat, investisiya və sosial inkişaf sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunur.