BAKI, AzerVoice, Fərid Mikayılov
Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin artması iki ölkə arasında yeni problemlər yaradıb.
AzerVoice xəbər verir ki, Rusiya şirkətlərinin Çin tərəfdaşlarından borcların geri alınmasında çətinliklər yaşanır, məsələlər getdikcə daha çox məhkəmələrdə və kollektorların iştirakı ilə həll olunur.
Son dövrlərdə ödəniş qabiliyyəti ilə bağlı problem yaşayan Çin şirkətlərinin sayı artıb. “ELKO profi” hüquq bürosunun idarəedici partnyoru Yelena Kozinanın sözlərinə görə, Rusiyanın Asiya və MDB ölkələrindəki tərəfdaşlarına qarşı borc iddiaları 40–60 faiz artıb.
Kollektor agentliyi “EOS”un rəhbəri Anton Dmitrakov bildirib ki, hazırda rus biznesinin şikayətlərinin 40 faizi Çin tərəfdaşları ilə bağlıdır. Müqayisə üçün, 2021-ci ildə bu göstərici cəmi 15 faiz təşkil edirdi. Borcların geri alınması həm məhkəmə, həm də məhkəmədənkənar yollarla aparılır, kollektor şirkətləri isə lazım gəldikdə yerli tərəfdaşları da prosesə cəlb edir.
Rus biznesi üçün digər ciddi çətinlik isə ödənişlərin aparılmasında yaşanır. ABŞ-ın ikinci dərəcəli sanksiyaları fonunda bəzi Çin bankları əməliyyatlar aparmaqdan çəkinir. Nəticədə rus şirkətləri çox vaxt üçüncü ölkələrdəki vasitəçilərdən istifadə etməyə məcbur qalır və bu da ödənişlərin müddətini artırır.