Əsas səhifə » İran "Avropa üçlüyü" ilə ciddi müzakirələr aparıb - XİN müavini

İran "Avropa üçlüyü" ilə ciddi müzakirələr aparıb - XİN müavini

BAKI, AzerVoice

İran sanksiyaların azaldılması və nüvə proqramı ilə bağlı "Avropa üçlüyü" ölkələri ilə (Almaniya, Fransa, Böyük Britaniya) ciddi, açıq və ətraflı müzakirələr aparıb.

AzerVoice xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib

O, hər iki tərəfin konkret təkliflər irəli sürdüyünü qeyd edib.

Qəribabadi bildirib ki, İran öz əsas mövqelərini, o cümlədən sanksiyaların yenidən tətbiq edilməsinə dair “sürətli mexanizm” adlandırılan məsələ ilə bağlı mövqeyini bir daha təsdiqləyib. Onun sözlərinə görə, bu məsələdə danışıqların davam etdirilməsi ilə bağlı razılaşma əldə olunub.

Qeyd edək ki, bu gün İstanbulda İran konsulluğunda Avropa diplomatik heyəti ilə İran heyəti arasında nüvə danışıqları ilə bağlı məsləhətləşmələr aparılıb.

Məlumata görə, Almaniya, Fransa və Böyük Britaniya Tehrana təzyiqləri artırmaq və onu nüvə proqramı ilə bağlı danışıqlara qaytarmaq niyyətindədir.

Həmçinin qeyd edək ki, İran ABŞ administrasiyası ilə beş raund danışıqlar aparıb, lakin ötən ay İsrail və İran arasında baş vermiş 12 günlük müharibədən sonra diplomatik proses dayandırılıb. Avropa dövlətləri ABŞ-la danışıqlarda irəliləyiş əldə edilməsə, avqustun sonunadək İrana vaxt verib və “Snapback” mexanizminin işə salınacağı ilə hədələyib. Mənbələr bildiriblər ki, bu ölkələr İrana həmin mexanizmin 6 ay təxirə salınmasını təklif edəcəklər.

Digər Kateqoriyalar

2025 © Azervoice