BAKI,AzerVoice
Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatından (YUNESKO) çıxmaq qərarını kəskin tənqid edib.
AzerVoice xəbər verir ki, rəsmi Pekin bu addımı beynəlxalq məsuliyyətlə ziddiyyət təşkil edən davranış kimi qiymətləndirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tsyakün çıxışı zamanı bildirib ki, ABŞ artıq üçüncü dəfədir YUNESKO-dan çıxdığını bəyan edir və bu, nüfuzlu dövlətə yaraşmayan bir addımdır.
“Bu, məsuliyyətli bir böyük dövlətin davranışı deyil,” – deyə Tsyakün qeyd edib.
O əlavə edib ki, beynəlxalq təşkilatlardan belə ardıcıl şəkildə uzaqlaşmaq qlobal əməkdaşlıq prinsipinə ciddi zərbə vurur.
Xatırladaq ki, ABŞ daha əvvəl 1984 və 2017-ci illərdə də YUNESKO-dan çıxmaq qərarı vermişdi. 2023-cü ildə təşkilata yenidən üzv olan Vaşinqtonun bu dəfəki çıxışı beynəlxalq dairələrdə tənqidlə qarşılanıb.