BAKI,AzerVoice
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bəyan edib ki, ölkəsinin nüvə proqramı “zərurət yaranarsa” Səudiyyə Ərəbistanına açıq olacaq. Bu, çərşənbə günü Ər-Riyadda imzalanan “ortaq strateji müdafiə sazişi”nə əsaslanır.“Əlimizdə olan imkanlar və qabiliyyətlər (Səudiyyəyə) təqdim ediləcək və bu, razılaşmaya uyğun həyata keçiriləcək”-deyə, nazir bildirib.
Nazirin bu açıqlaması Almaniya Xəbər Agentliyi tərəfindən Pakistanın “Geo” televiziya kanalına istinadla yayımlanıb və İslamabadın nüvə silahlarına dair Səudiyyə ilə son razılaşma kontekstində verdiyi ilk açıq bəyanat kimi qiymətləndirilir.
Xavaca Asif daha sonra bildirib ki, “Pakistana və ya Səudiyyə Ərəbistanına ediləcək hər hansı hücum hər iki ölkəyə qarşı hücum sayılacaq və dövlətlər birgə cavab verəcək”.
O, hələlik digər ölkələrin bu sazişə qoşulmasının gündəmdə olmadığını desə də, “bu ehtimala qapının açıq olduğunu” vurğulayıb.
Eyni zamanda Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Şəfqət Əli Xan bəyan edib ki, bu tarixi saziş tamamilə müdafiə xarakteri daşıyır və heç bir başqa dövlətə qarşı yönəlməyib.
Hazırda Pakistanın təxminən 170 nüvə başlığı mövcuddur və o, nüvə silahına malik yeganə İslam dövləti sayılır. Hərbi analitiklərin fikrincə, bu qabiliyyət regionda çəkindirici güc və tarazlıq vasitəsidir.
Müdafiə naziri bu mövzuda onu da qeyd edib ki, :“Pakistanın nüvə qabiliyyəti çoxdan möhkəmlənib. Biz sınaqlar keçirdik və o vaxtdan döyüş meydanında təcrübəli qüvvələrimiz formalaşıb”.