Əsas səhifə » ABŞ nüvə silahlarını Britaniyaya yerləşdirdi

ABŞ nüvə silahlarını Britaniyaya yerləşdirdi

BAKI, AzerVoice

ABŞ təxminən 20 illik fasilədən sonra ilk dəfə olaraq nüvə silahlarını Böyük Britaniya ərazisinə yerləşdirib.

AzerVoice xəbər verir ki, ABŞ-a məxsus C-17 tipli hərbi nəqliyyat təyyarəsi ötən həftə Nyu-Meksiko ştatındakı Kirtland Hərbi Hava Qüvvələri Bazasında qalxaraq 10 saatlıq uçuşdan sonra İngiltərənin Suffolk bölgəsində yerləşən RAF Lakenheath bazasına eniş edib.

Ekspertlər təyyarənin izlədiyi marşrutu “birbaşa tərk etmə əməliyyatı” kimi qiymətləndirib. Bu, 2008-ci ildən sonra ilk dəfə ABŞ-ın nüvə silahlarının yenidən Britaniyada yerləşdirilməsi ehtimalını gücləndirir.

ABŞ və Böyük Britaniya rəsmiləri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

RAF Lakenheath bazası hal-hazırda ABŞ Hərbi Hava Qüvvələrinin bölmələrini və hərbi personalını qəbul edir. Baza yaxın vaxtlarda B61 tipli nüvə bombalarının yerləşdirilməsinə hazırlıq məqsədilə genişləndirilib. Bu tədbirlər çərçivəsində ballistik sığınacaqlar və müdafiə infrastrukturları əlavə edilib.

Eyni zamanda, Böyük Britaniya ABŞ-dan 12 ədəd F-35A tipli qırıcı təyyarə əldə edib. Bu təyyarələr taktiki B61 nüvə bombalarını daşımaq və istifadə etmək qabiliyyətinə malikdir. Yeni qırıcıların RAF Marham bazasında yerləşdirildiyi və NATO-nun Nüvə Missiyası çərçivəsində istifadə oluna biləcəyi qeyd olunur.

İngiltərə Müdafiə Nazirliyinin bu həftə yayımladığı rəsmi sənəddə də təsdiqlənib ki, F-35A təyyarələri ABŞ-ın nüvə silahlarını daşıya biləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice