Əsas səhifə » Türkiyənin Eurofighter qırıcı təyyarələr alması İsrail üçün təhlükəlidir - İsrail müxalifəti

Türkiyənin Eurofighter qırıcı təyyarələr alması İsrail üçün təhlükəlidir - İsrail müxalifəti

BAKI, Azervoice

İsrailin ana müxalifət partiyası olan “Gələcək Var” Partiyasının lideri Yair Lapid, Türkiyənin Yaxın Şərqdə ən güclü donanmaya sahib olduğunu vurğulayaraq, Ankaranın İngiltərə və Almaniyadan Eurofighter Typhoon qırıcı təyyarələri almasının qarşısının alınmasını tələb edib.

AzerVoice xəbər verir ki, Lapid bu barədə şəxsi sosial media hesabında yazılı açıqlama yayıb. O, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökuməti Türkiyənin Eurofighter təyyarələri ilə bağlı apardığı danışıqlara müdaxilə etməməkdə ittiham edib.

“Əgər İsrailin fəaliyyət göstərən bir Xarici İşlər Nazirliyi və normal bir hökuməti olsaydı, Almaniya və İngiltərənin Türkiyə ilə Eurofighter Typhoon təyyarələrinin satışına dair yeni razılaşmasını çoxdan əngəlləmiş olardılar”, – deyə Lapid bildirib.

O, Türkiyənin bu qırıcı təyyarələri almasının İsrail üçün ciddi təhlükə yaradacağını iddia edib.

“Türkiyə Yaxın Şərqin ən böyük və ən güclü donanmasına sahibdir və indi hava məkanında da İsrail ilə bərabərlik yaratmağa çalışır. Bu çox təhlükəli vəziyyətdir. Lakin fəaliyyətsiz hökumətimiz bu razılaşmanın irəliləməsinə imkan verdi və bu barədə heç nə etmədi.” - deyə Lapid vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Eurofighter Typhoon təyyarələri ilə bağlı İngiltərə və Almaniya ilə danışıqları davam edir və prosesin müsbət istiqamətdə irəlilədiyi bildirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Şimali Kipr Türk Respublikasına səfərindən qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamada bu məsələyə toxunaraq bildirib:
“Hazırda qırıcı təyyarə alışı ilə bağlı İngiltərə və Almaniya ilə atdığımız addımlar var. İngilislər və almanlar bu məsələyə müsbət yanaşırlar. İnşallah, tezliklə qırıcılarımızı alacağımıza inanıram.”

Digər Kateqoriyalar

2025 © Azervoice