Əsas səhifə » İtaliya xalqından Qəzzaya dəstək - yardım gəmisi yola salınıb

İtaliya xalqından Qəzzaya dəstək - yardım gəmisi yola salınıb

BAKI, AzerVoice

İtaliyadan Qəzzaya humanitar yardım aparan “Hanzala” gəmisi ikinci dəfə yola düşüb.

AzerVoice xəbər verir ki, İtaliya xalqının təkidli çağırışı və dəstəyi ilə Qəzzaya humanitar yardım aparan “Hanzala” (Handala) gəmisi ikinci dəfə Gallipoli limanından yola salınıb.

“Azadlıq Donanması”nın tərkibində olan gəmi İsrailin blokadası altında aclıq və yoxsulluq içində yaşayan Qəzzaya yardım çatdırmaq məqsədi daşıyır.

BMT-də çalışmış hüquq müdafiəçisi Chloe Ludden də bu humanitar səfərə qoşularaq,qanunsuzluğa və insan haqlarının pozulmasına diqqət çəkib. “İnsan haqları sadəcə bəyanatlarda deyil, həyatın içində də yaşanmalıdır” - deyə o bildirib. Ludden İsrailin bu cür yardım təşəbbüslərini hərbi güclə dayandırmasının beynəlxalq hüquqa zidd olduğunu və mülki insanlara qarşı təzyiqin silah kimi istifadə edildiyini vurğulayıb.

Gəminin yola düşməsi Gallipoli limanında izdihamla qarşılanıb. Fələstin bayraqları ilə gələn insanlar gəmidəki fəallara dəstək olaraq azadlığı simvolizə edən quş təsvirləri çəkib, “Qəzzaya azadlıq” şüarları səsləndiriblər. Hanzalanın yola çıxması həm Qəzzaya dəstəyin, həm də blokadaya etirazın simvolik ifadəsi kimi dəyərləndirilir.

Qeyd edək ki, “Hanzala” əvvəllər balıqçı gəmisi olub və sonradan humanitar məqsədlər üçün yenidən qurulub. Gəmi ilk səfərində Sirakuza limanında böyük maraqla qarşılanmış, ikinci səfəri isə 20 iyul tarixində həyata keçirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice