BAKI, AzerVoice
Çin və Rusiya strateji ittifaqı gücləndirir - Si Cinpin Lavrovu qəbul edib.
AzerVoice xəbər verir ki, Çin Xalq
Respublikasının sədri Si Cinpin Rusiyanın xarici işlər naziri
Sergey Lavrovla Pekində görüş keçirib.
Görüşdə iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdirilməsi,
çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin gücləndirilməsi və
qlobal təhlükəsizlik məsələləri müzakirə olunub.
Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə əldə olunan razılaşmaları xatırladaraq bildirib ki, Çin və Rusiya qarşılıqlı maraqları əsasında əməkdaşlığı daha da genişləndirməlidirlər. O, həmçinin Qlobal Cənub ölkələri ilə daha ədalətli və rasional beynəlxalq sistemin qurulmasının vacibliyini vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Çinlə yüksək səviyyəli siyasi təmaslara və çoxtərəfli əməkdaşlığa böyük önəm verdiklərini bildirib. O, xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) Çin sədrliyi çərçivəsində keçiriləcək Tianjin Sammitinə Rusiyanın tam dəstək verəcəyini qeyd edib.
Qeyd edək ki, bu görüş Pekin və Moskva arasında diplomatik əlaqələrin daha da yaxınlaşmasının növbəti göstəricisi kimi dəyərləndirilir. Hər iki tərəf beynəlxalq məsələlərdə koordinasiyanı artırmaq və sabitlik naminə əməkdaşlığı davam etdirmək niyyətindədir.