BAKI, AzerVoice
İsrail Hərbi Hava Qüvvələri Livanın şərqində yerləşən beş bölgədə “Hizbullah”ın xüsusi təyinatlı “Radvan” qüvvələrinə aid hərbi düşərgələrə və ehtimal edilən yeraltı sığınacaqlara genişmiqyaslı hava zərbələri endirib.
AzerVoice xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.
Verilən məlumata görə, israilin döyüş təyyarələri Budaia, Britel, Taraya, Sarin və Şamister şəhərləri ətrafında yerləşən hədəfləri raket atəşinə tutub. Yerli sakinlər hücuma məruz qalmış ərazilərdən sıx dumanın qalxdığını bildiriblər. Ölən və yaralananlar barədə məlumat verilməyib.
Təyyarələrin Bəqaa vadisi və Suriya ilə sərhəddə yerləşən dağlıq bölgələr üzərində aşağı hündürlükdə uçuşlar keçirdiyi və Livanın hava məkanında qalmağa davam etdiyi bildirilib.
İsrail ordusunun yaydığı rəsmi açıqlamada isə, hücumların “Hizbullah”ın silahlı qolu olan “Radvan” qüvvələrinin xüsusi təyinatlı hərbi düşərgələrinə qarşı həyata keçirildiyi qeyd olunub.