BAKI, AzerVoice
Rusiya Xarici İşlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tyançzin şəhərində keçirilən nazirlər görüşü çərçivəsində baş tutan görüşdə Moskva və Tehran arasında müxtəlif səviyyələrdə yeni təmasların qurulması barədə razılığa gəliblər.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Xüsusilə, İranın nüvə proqramı ətrafındakı böhranın yalnız siyasi və diplomatik vasitələrlə, beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edilməsinin vacibliyi bir daha vurğulanıb.
Lavrov həmçinin İran və İsrail arasında atəşkəsin fasiləsiz şəkildə uzadılmasının vacibliyini qeyd edib. Görüşdə İranın regional rolu, Ukraynadakı vəziyyət və Suriyadakı proseslər də ətraflı şəkildə müzakirə olunub.
Tərəflər arasında diplomatik kanallar vasitəsilə əlaqələrin davam etdirilməsi və əməkdaşlığın gücləndirilməsi istiqamətində razılıq əldə olunub.