BAKI, AzerVoice
Almaniyanın paytaxtı Berlində ən azı 15 nəfəri ölümündə təqsirləndirilən palliativ tibb üzrə həkimin məhkəmə prosesi başlayıb.
AzerVoice xəbər verir ki, məhkəmə prosesi Berlin Yerli Məhkəməsində keçirilir və 2026-cı il yanvarın 28-dək 35 iclasın keçirilməsi planlaşdırılıb.
İstintaq materiallarına görə, 40 yaşlı təqsirləndirilən şəxs 2021-ci ilin sentyabrından ötən ilin iyulunadək xəstələrə anesteziya və əzələ boşaldıcı maddə (relaksant) yeridərək onları öldürüb. Relaksant tənəffüs əzələlərinin iflicinə və nəticədə nəfəs dayanmasına, ölümə səbəb olub. İlk və ən gənc qurban 25 yaşında, ən yaşlısı isə 94 yaşında olub.
Prokurorluq bildirib ki, həkim “aşağı niyyətlər”lə, yəni şəxsi maraq və ya qəddarlıq motivləri ilə hərəkət edib və məqsədli şəkildə aciz vəziyyətdə olan insanları qətlə yetirib. Hazırda hüquq-mühafizə orqanları daha 75 şübhəli ölüm halını araşdırır, bu da potensial qurbanların sayının xeyli artması ehtimalını doğurur.
Təqsirləndirilən şəxs ötən ilin avqust ayından etibarən istintaq təcridxanasında saxlanılır.