BAKI, AzerVoice
Fransa PKK-nın silahı yerə qoymasını alqışlayıb.
AzerVoice xəbər verir ki, uzun illər
PKK terror təşkilatına açıq dəstək verməkdə ittiham olunan Fransa,
11 iyul 2025-ci ildə Şimali İraqda keçirilən tərksilah mərasiminə
münasibət bildirib.
Fransanın Ankaradakı səfirliyi PKK-nın silahlı mübarizəyə son
qoyması ilə bağlı açıqlama yayıb. Səfirliyinin bəyanatında
bildirilir ki, təxminən 30 PKK üzvünün tərksilah mərasimi
alqışlanır.
Qeyd olunub ki, bu proses PKK lideri Abdullah Öcalanın fevral ayında verdiyi çağırış və təşkilatın may ayında silahlı mübarizədən çəkilmə qərarı ilə əlaqədardır.
Fransa ümid edir ki, PKK-nın bu addımı zorakılığın sonu və demokratik prosesə keçid üçün əsas olacaq. Açıqlamada həmçinin bu tərksilahın “de-fakto və yoxlanıla bilən” olmasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, Avropa İttifaqının terror təşkilatları siyahısında yer alan PKK-ya qarşı Fransa uzun illər ikili standartlarda ittiham olunub. Xüsusilə 1980-ci illərdən etibarən Fransanın PKK üzvlərinə siyasi və təşkilati dəstək verdiyi qeyd olunur. Keçmiş prezidentlər Fransua Mitteran və Fransua Olland, eləcə də hazırkı prezident Emmanuel Makron dövründə PKK və YPG təmsilçiləri rəsmi səviyyədə qəbul edilib.
Xatırladaq ki, Fransa 2018-ci ildə Türkiyənin həyata keçirdiyi "Zeytun budağı" əməliyyatına da açıq etiraz edən ilk ölkələrdən biri olmuş, bölgədəki terrorçulara hərbi təlim və dəstək göstərmişdi.