Əsas səhifə » İsveçdə sabiq zabitlər üçün çağırış yaşının qaldırılması məsələsi gündəmdədir

İsveçdə sabiq zabitlər üçün çağırış yaşının qaldırılması məsələsi gündəmdədir

BAKI, AzerVoice

İsveç Silahlı Qüvvələrinin sabiq zabitləri üçün çağırış yaşı 47-dən 70-ə qədər qaldırılmalıdır.

AzerVoice-un məlumatına görə, bu barədə ölkənin Silahlı Qüvvələrinin gələcək komplektləşdirilməsi məsələsini araşdıran hökumət komissiyasının rəyində bildirilib.

Bu təşəbbüs, yaxın illərdə İsveç ordusunun genişmiqyaslı gücləndirilməsi planları ilə bağlıdır. Parlament partiyaları hərbi xərclərin illik büdcəsinə əlavə olaraq 300 milyard kron (təxminən 31,4 milyard dollar) vəsait ayırmaq barədə razılığa gəliblər.

Hazırda hərbi xidmət keçmiş və ya hərbi təhsil almış şəxslər 47 yaşına qədər orduda çağırışa cəlb edilə bilirlər. Əgər son hərbi toplanış və təlimdən sonra 10 ildən çox vaxt keçibsə, həmin şəxslər hərbi qeydiyyatdan çıxarılır. Bu qayda tətbiq edildikdən sonra minlərlə sabiq hərbçi çağırış siyahılarından çıxarılıb.

Yeni vəziyyəti nəzərə alaraq, komissiya bu qaydanın ləğv edilməsini və keçmişdə orduda ən azı bir il faktiki və ya ehtiyat xidmət keçmiş zabitlər üçün çağırış yaşının 70-ə qədər artırılmasını təklif edir.

Artıq çağırış yolu ilə ilkin hərbi hazırlıq keçəcək şəxslərin sayının artırılması barədə qərar qəbul olunub. İsveç Müdafiə Nazirliyinin son qərarına əsasən, 2030-cu ilə qədər hər il azı 10 min nəfər ilkin hazırlıq keçməlidir. Sonrakı illərdə bu rəqəmin 12 minə çatdırılması nəzərdə tutulur.

Digər Kateqoriyalar

2025 © Azervoice