Bakı, AzerVoice
İtaliyanın müxtəlif yerlərində meşə yanğınları həyatı alt-üst edib.
AzerVoice xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat verib.
Bildirilib ki, Sardiniyanın qərbində yerləşən Olbia və Sassari şəhərləri arasında yerləşən Trambukkonda böyük meşə yanğını başlayıb. Yanğının söndürülməsinə bir təyyarə və bir helikopter cəlb olunub.
Toskanada məşhur istirahət məkanı olan Castiglione della Pescaia-da duzsuzlaşdırma zavodunda baş verən yanğın küləyin təsir ilə sürətlə meşəlik əraziyə keçib. Qrosseto Qubernatorluğunun əmri ilə 600 turist düşərgə ərazisindən təxliyə edilib.
İtaliya Yanğınsöndürmə İdarəsi, X platforma hesabında bir paylaşımında yanğınla mübarizə üçün havadan dörd helikopterin yerləşdirildiyini və yanğının axşam saatlarında söndürüldüyünü bildirib.
Həmçinin, ölkənin cənub-şərqindəki Otrantoda dünən axşam saatlarında baş verən yanğın külək səbəbindən genişlənərək 150 hektar kol-kos sahəsini yandırıb.
Matera əyalətinin Respublika Prokurorluğu isə yanğınların qəsdən törədilmə ehtimalını öyrənmək üçün araşdırmağa başlayıb.
Qeyd edək ki, İtaliyanın Siciliya və Sardiniya, Toskana, Lazio, Puglia və Kampaniya kimi bölgələrində də son günlər baş verən bir çox yanğına havadan və qurudan müdaxilə olunub.