BAKI, AzerVoice
Seul Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreya Respublikasının sabiq prezidenti Yun Sok Yolun ötən il dekabrın 3-də baş vermiş hərbi vəziyyətlə bağlı hadisələrin araşdırılması çərçivəsində yenidən həbs olunmasına qərar verib.
AzerVoice xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məhkəmə, sübutların məhv edilə biləcəyi ilə bağlı narahatlıqları əsaslı hesab edib. İyulun 6-da hərbi vəziyyət dövrü ilə bağlı araşdırmaya rəhbərlik edən xüsusi prokuror Ço In Sok müvafiq həbs qərarının çıxarılması üçün vəsatət qaldırmışdı. Yun Sok Yol beş əsas ittiham üzrə şübhəli bilinir. Bu ittihamlar arasında nazirlər kabinetinin iclası zamanı sənədlərin saxtalaşdırılması, hüquq-mühafizə orqanlarının fəaliyyətinə maneə törədilməsi (xüsusilə prezidentin mühafizə xidmətinin onun həbsi üçün polisin əməliyyatına imkan verməməsi), sübutları məhv etməyə cəhd kimi hallar yer alır.
Bundan əvvəl Yun Sok Yola dövlət quruluşuna qarşı çevriliş təşkil etməkdə ittiham irəli sürülmüşdü.
Məhkəmə prezidentin yenidən həbs olunması məsələsini yerli vaxtla saat 14:20-dən 21:01-ə qədər (Bakı vaxtı ilə 09:20 – 16:01) müzakirə edib. Məhkəmə iclasında Yun Sok Yol 20 dəqiqəlik çıxışla iştirak edib. Daha sonra o, Seulda yerləşən istintaq təcridxanasına aparılıb və orada onun barəsində həbs qərarının qüvvəyə minib-minməməsinə qədər gözləmə bölməsinə yerləşdirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, 25 iyun tarixində Seul Mərkəzi Dairə Məhkəməsi xüsusi prokurorun Yun Sok Yol barəsində həbs orderi verilməsi tələbinə rədd cavabı vermişdi. Daha əvvəl, 19 yanvar tarixində Seulun Qərb Dairə Məhkəməsi hərbi vəziyyətlə əlaqəli çevriliş işi çərçivəsində prezidentin həbsinə qərar vermişdi. Həmin vaxt Yun Sok Yolun tərəfdarları məhkəmə binasında iğtişaş törətmişdi. Mart ayında isə Seul Mərkəzi Dairə Məhkəməsi sabiq prezidentin həbs qərarını ləğv edərək onu azadlığa buraxmışdı. 4 aprel tarixində Konstitusiya Məhkəməsi Yun Sok Yolun impiçmentini rəsmən təsdiqləmişdi.