Əsas səhifə » Liberiya Prezidenti xalqından ÜZR İSTƏDİ

Liberiya Prezidenti xalqından ÜZR İSTƏDİ

BAKI, AzerVoice

Liberiya Prezidenti Cozef Buakay iki vətəndaş müharibəsi zamanı törədilmiş zorakılıq və travmalar səbəbilə dövlət adından ölkəsinin vətəndaşlarından üzr istəyib.

AzerVoice xəbər verir ki, dövlət başçısı bu addımı paytaxt Monroviyada keçirilən barışıq mərasimi zamanı atıb. Bu, onun bir neçə gün öncə vətəndaş müharibəsinin əvvəlində işgəncə verilərək öldürülən sabiq prezident Samuel Do və 1980-ci ildə çevriliş zamanı öldürülən digər sabiq prezident Uilyam Tolbertin xatirəsinə keçirilən mərasimlərdə iştirakından sonra baş verib.

“Bu tarixi mərasimdə dövlət adından rəsmi üzrümü bildirirəm. Vətəndaş müharibəmizin bütün qurbanlarına, dağıdılmış hər ailəyə, puç olmuş hər arzuya deyirik: Bağışlayın bizi” - deyə, o bildirib.

“Dövlət daha çox şey edə bilərdi. Artıq əlimizdən gələni etməliyik ki, bir daha bu şəkildə xalqını yarı yolda qoymasın” - deyə, o əlavə edib.

Qeyd edək ki, 1989–2003-cü illər arasında baş verən iki vətəndaş müharibəsi Liberiyanı məhv edib, təxminən 250 min insanın həyatına son qoyub. Bu müharibələrdə kütləvi qırğınlar, bədən əzalarının kəsilməsi, təcavüz və uşaq əsgərlərin genişmiqyaslı istifadəsi kimi ağır cinayətlər törədilib.

Buna baxmayaraq, bu günə qədər Liberiyada bu cinayətlərə görə məsuliyyət daşıyan şəxslər mühakimə olunmayıb. 2009-cu ildə Həqiqət və Barışıq Komissiyası müharibə cinayətlərinə dair xüsusi məhkəmə yaradılması çağırışı etsə də, bu təşəbbüs indiyədək reallaşmayıb. Bu da qismən həmin cinayətlərdə məsuliyyət daşıyan şəxslərin hələ də milli siyasətdə təsirli olmaları ilə izah olunur.

Jozef Buakay şənbə günü çıxışında Komissiyanın əsas tövsiyələrinin həyata keçirilməsinə çağıraraq bildirib: “Liberiyada elə bir ailə yoxdur ki, millətimizi təqib edən ağrı, zorakılıq və ədalətsizlikdən təsirlənməsin”.

Digər Kateqoriyalar

2025 © Azervoice