BAKI, AzerVoice
Keniyada naməlum silahlı qrup İnsan Haqları Komissiyasının qərargahına hücum edib.
AzerVoice xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) agentliyi məlumat yayıb.
Məlumata əsasən, hücum, komissiyada keçirilən mətbuat konfransı zamanı baş verib. Hadisə şahidlərinin sözlərinə görə, naməlum şəxslər qapını sındıraraq zala daxil oldular. İçəri girənlər mətbuat konfransının iştirakçılarına hücum etdilər və qarətə başladılar. Onlar toplaşanların etiraz aksiyası keçirdiyini iddia edirdilər. Hücum edənlərin sayı təxminən on nəfər olub.
Bu mətbuat konfransı Keniyada iyulun 7-də keçiriləcək “Saba Saba Günü” münasibətilə təşkil olunmuşdu. Hər il keçirilən bu etiraz aksiyası ilk dəfə 1990-cı il 7 iyul tarixində baş tutmuş və azad seçkilərin keçirilməsi tələbilə ümummilli etiraz günü kimi tarixə düşmüşdü.
Müxalifət liderləri artıq hakimiyyəti polis zorakılığına yol verməməyə çağırıblar. WDM-K hərəkatının rəhbəri Kalonzo Musioka bildirib:
“Bazar ertəsi günü güc strukturlarının davranışlarını diqqətlə izləyəcəyik. Əgər hakimiyyət sərt tədbirlərə əl atarsa, biz də öz reaksiyamızı verəcəyik.”
Qeyd edək ki, son həftələrdə Keniyada vəziyyət gərgin olaraq qalır. Etirazçılarla naməlum silahlı qruplar arasında tez-tez qarşıdurmalar yaşanır. İyun ayında baş verən iğtişaşlarla müşayiət olunan etiraz aksiyalarında 19 nəfər həlak olub. Aksiya iştirakçıları əsasən bütün idarəetmə səviyyələrindəki zəif idarəçiliyə və polis zorakılığına qarşı çıxırlar.