BAKI, AzerVoice
Almaniya kansleri Fridrix Mersin hökuməti Ukraynaya silah və sursat tədarükünün yollarını axtarır və ABŞ-la Ukraynaya silah göndərilməsi ilə bağlı gizli razılaşmaya getmək niyyətindədir.
AzerVoice xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ-ın bəzi silahların Ukraynaya tədarükünü dayandırmaq qərarı Berlində narahatlıq yaradıb. Almaniya hakimiyyəti üçün ən ciddi problem Ukrayna Silahlı Qüvvələrində "Patriot" hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket çatışmazlığıdır. Mənbələr bildiriblər ki, Almaniya tərəfi Ukrayna üçün iki "Patriot" HHM sisteminin ABŞ tərəfindən Kiyevə verilməsinə razılıq gözləyir. Bu sistemlərin maliyyələşdirilməsi isə Almaniya tərəfindən həyata keçiriləcək.
Nəşr yaxır ki, sorğu artıq bir neçə həftədir ABŞ-da baxılma mərhələsindədir. Daha əvvəl Ukrayna bu sistemləri birbaşa ABŞ-dan almağa çalışsa da, bu cəhd uğursuz olub və nəticədə Kiyev Almaniya hökumətinə müraciət edib. Berlində isə Tramp administrasiyasının Almaniya tərəfindən verilən bu sorğunu da rədd edə biləcəyini istisna etmirlər.
Bundan əvvəl, Almaniya Nazirlər Kabinetinin iclasında ABŞ-ın Ukraynaya silah və sursat tədarükünü dayandırmaq qərarı müzakirə olunub. İclas iştirakçıları belə nəticəyə gəliblər ki, Amerikan silahlarının çatışmazlığını kompensasiya etmək mümkün olmayacaq.
"The New York Times" qəzeti daha əvvəl yazmışdı ki, ABŞ Ukraynaya Patriot sistemləri üçün raketlər, GMLRS yüksək dəqiqlikli sursatlar, "Hellfire" uzaqdan idarə olunan raketləri, "Stinger" portativ raket kompleksləri və bir çox digər silahların tədarükünü dayandıracaq. Bu məlumat fonunda Ukraynanın Xarici İşlər Nazirliyi ABŞ-ın Kiyevdəki müvəqqəti işlər vəkili Con Ginkelə çağırış edərək tədarüklərin dayandırılması məsələsini müzakirə edib.