BAKI,
AzerVoice
Cənubi Koreyanın yeni baş naziri müəyyən edilib.
AzerVoice xəbər verir ki, Cənubi
Koreya parlamenti prezident Li Jae-myungun irəli sürdüyü namizəd
Kim Min Seoku baş nazir postuna təsdiqləyib.
O, keçirilən səsvermədə 173 “hə” səsi alaraq və cəmi 3 etibarsız
səslə ölkənin yeni baş naziri elan olunub.
Səsvermədə yalnız Demokratik Partiyanın və bəzi azlıq partiyalarının millət vəkilləri iştirak edib. Müxalifətdəki Xalq Gücü Partiyasından isə heç kim iclasda iştirak etməyib. Baş nazir seçildikdən sonra Kim Min Seok “xalqın iradəsini müdafiə edəcəyini və ölkəni iqtisadi böhrandan çıxaracağını” bəyan edib.
Qeyd edək ki, ölkədəki son siyasi dəyişikliklər keçmiş prezident Yoon Suk Yeolun hərbi vəziyyət elan etməsi və sonradan impiçment edilməsi ilə başlamışdı. Konstitusiya Məhkəməsinin qərarı ilə Yoon vəzifədən kənarlaşdırılıb, növbədənkənar seçkilər təyin edilib və 3 iyun tarixində keçirilən seçkilərdə əsas müxalifət namizədi Li Jae-myung prezident seçilib. Yeni prezident 4 iyun tarixində and içib.
İyunun 5-də isə Milli Assambleya Yoonun fəaliyyəti və həyat yoldaşına qarşı ittihamlarla bağlı xüsusi araşdırmalara başlamaq üçün qanun layihələrini qəbul edib. Yoon, məhkəmə çağırışlarına ilk dəfə iyunun 28-də cavab verib.