BAKI,
AzerVoice
Cənubi Koreyada siyasi böhran dərinləşir - Yeni administrasiya
səfirləri istefaya çağırır.
AzerVoice xəbər verir ki, Cənubi
Koreyada impiçment edilmiş keçmiş prezident Yoon Suk Yeol
tərəfindən təyin olunan bəzi səfirlərə yeni administrasiya
tərəfindən istefa vermələri üçün təzyiqlər edildiyi bildirilir.
Yonhap agentliyinin adını açıqlamadığı rəsmi mənbəyə istinadən
verdiyi məlumata görə, ABŞ, Yaponiya, Rusiya, Fransa, BMT və Böyük
Britaniyada fəaliyyət göstərən səfirlər bu siyahıya daxildir.
Məlumatda bildirilir ki, səfirlərin geri çağırılması “ənənəvi diplomatik praktika” kimi təqdim olunsa da, bəzi hallarda bu addımın siyasi xarakter daşıdığı ehtimal edilir. Məsələ, ölkədəki siyasi gərginliyi daha da dərinləşdirib.
Qeyd edək ki, 2024-cü il dekabrın 3-də prezident Yoon müxalifəti “dövlətə qarşı fəaliyyətlərdə” ittiham edərək ölkədə hərbi vəziyyət elan etmişdi. Lakin bu qərar Milli Assambleya tərəfindən ləğv edilib, Yoonun səlahiyyətləri dekabrın 14-də dayandırılıb. Konstitusiya Məhkəməsi isə 2025-ci il aprelin 4-də impiçmenti təsdiqləyərək onu vəzifədən kənarlaşdırıb.
Ardınca 60 gün ərzində keçirilən növbədənkənar seçkilərdə Demokratik Partiyanın namizədi Li Jae-myung qalib gələrək iyunun 4-də rəsmi olaraq prezident səlahiyyətlərini icra etməyə başlayıb. İyunun 5-də isə Milli Assambleya keçmiş prezident və həyat yoldaşı Kimlə bağlı xüsusi araşdırmaların başlanmasına dair qanun layihələrini qəbul edib.
Keçmiş prezident Yoon isə istintaq çərçivəsində polis sorğularına qatılmaqdan imtina edib.