BAKI, AzerVoice
İranla əlaqəli olduğu bildirilən hakerlər ABŞ prezidenti Donald Trampın yaxın ətrafına məxsus oğurlanmış e-poçt yazışmalarını ictimailəşdirməklə hədələyiblər. AzerVoice xəbər verir ki, onlar daha əvvəl ABŞ-da keçirilən prezident seçkilərindən əvvəl bu yazışmalardan bir hissəsini mətbuata ötürmüşdülər.
Özlərini "Robert" təxəllüsü ilə təqdim edən hakerlər təxminən 100 GB həcmində e-poçt məlumatlarına sahib olduqlarını bildiriblər. Onların hədəfində Ağ Evin yüksək vəzifəli əməkdaşları – Suzi Vails, Trampın hüquqşünası Lindsi Haligan, müşaviri Rocer Stoun və Trampın açıq şəkildə tənqidçilərindən biri olmuş porno ulduz Stormi Danielz var.
Hakerlər bu məlumatları satmaq ehtimalını da nəzərdən keçirdiklərini, lakin hələlik konkret planlarını açıqlamaq istəmədiklərini bildiriblər. Bununla belə, e-poçtların məzmunu barədə hər hansı bir detal paylaşmayıblar.
Trampın köməkçiləri olan Lindsi Haligan və Rocer Stoun, eləcə də Stormi Danielzin nümayəndəsi və ABŞ-ın Kibertəhlükəsizlik Agentliyi (CISA) məsələ ilə bağlı Reuters-in şərh sorğularına hələlik cavab verməyib.
Bu insident ABŞ-da kibertəhlükəsizlik və xarici müdaxilə narahatlıqlarını yenidən gündəmə gətirib.