BAKI, AzerVoice
İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ölkəsinin nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların tezliklə bərpa olunması ehtimalı azdır.
AzerVoice xəbər verir ki, Əraqçi bildirib ki, Tehranın əsas tələbi Vaşinqtonun hərbi hücumlardan imtina etməsinə dair təminatdır.
“Mən inanmıram ki, danışıqlar bu qədər tez başlasın. Əvvəlcə əmin olmalıyıq ki, ABŞ danışıqlar prosesi zamanı bizə yeni hərbi zərbələr endirməyəcək.”- deyə o bildirib.
O əlavə edib ki, “diplomatiya qapısı heç vaxt bağlanmayacaq”, lakin hazırda İranın hələ bir qədər vaxta ehtiyacı var.
Əraqçi həmçinin, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin "İran bir neçə ay ərzində uranı yenidən zənginləşdirməyə qayıda bilər" fikirlərinə münasibət bildirərək, “Zənginləşdirmə texnologiyasını və elmini bombardmanla yox etmək mümkün deyil. Əgər irəliləyiş üçün iradəmiz varsa – ki, var – o zaman zərərləri tezliklə bərpa edib itirilmiş vaxtı kompensasiya edə bilərik.”- deyə bildirib.
Əraqçinin müavini Məcid Təxt Rəvancı isə BBC-yə verdiyi müsahibədə deyib ki, İran yalnız o halda diplomatik danışıqlara qayıdacaq ki, ABŞ yeni hərbi hücumlardan imtina etsin. Onun sözlərinə görə:
“Vaşinqtonun iranla danışmaq istədiyini eşidirik. Amma nə tarix, nə də format üzərində razılaşma yoxdur. Əgər danışıqlar aparırıqsa, paralel şəkildə yenə hücuma məruz qalacağıqmı? ABŞ bu məsələdə hələ də mövqeyini açıqlamayıb.”
O əlavə edib ki, Tehran ABŞ-dan rejim dəyişikliyinə yönələn niyyətlərinin olmadığını eşidib, amma bununla bağlı aydın bir təminat verilməyib.
Qeyd edək ki, İsrail 13 iyun tarixində İranın hərbi və nüvə obyektlərinə qəfil hücum həyata keçirib. Hücum zamanı bir sıra yüksək rütbəli hərbçilər və nüvə alimləri qətlə yetirilib. İsrail bu əməliyyatla İranın nüvə silahı əldə etməsinin qarşısını almaq niyyətində olduğunu bildirib. Tehran isə nüvə silahı əldə etmək niyyətində olmadığını, yalnız sülh məqsədli enerji istehsalı ilə məşğul olduğunu vurğulayıb.
21-22 iyun gecəsi isə ABŞ İranın üç əsas nüvə obyektini vurub. 12 gün davam edən müharibədən sonra ABŞ prezidenti Tramp 24 iyunda İran və İsrail arasında atəşkəs elan edib. Tramp daha sonra bəyan edib ki, əgər İran hərbi məqsədlə uranı zənginləşdirməyə davam etsə, ABŞ yeni hücumlara başlayacaq.