Əsas səhifə » Kərkük Hava Limanına raket hücumu nəticəsində yanğın baş verib

Kərkük Hava Limanına raket hücumu nəticəsində yanğın baş verib

BAKI, AzerVoice

İraqın şimalındakı Kərkük şəhərində yerləşən Kərkük Beynəlxalq Hava Limanına 3 raket atılıb. Raketlərdən biri sivil əraziyə düşüb və nəticədə yanğın baş verib. Hadisə zamanı 1 nəfər yüngül xəsarət alıb.

AzerVoice xəbər verir ki, Kərkük Beynəlxalq Hava Limanı İdarəsinin verdiyi rəsmi açıqlamaya görə, yerli vaxtla saat 23:30 radələrində mənbəyi hələ də müəyyənləşdirilməmiş 3 raket hava limanına düşüb.

Açıqlamada bildirilir ki, raketlərdən ikisi hərbi bölgəyə, biri isə sivil zonaya tuş gəlib. Otluq sahəyə düşən raket yanğına səbəb olub, lakin Kərkük hava limanının yanğınsöndürmə xidməti alovu qısa müddətdə nəzarətə alıb və söndürüb.

Hadisə nəticəsində uçuş zolağı və digər infrastruktur obyektlərə zərər dəymədiyi qeyd olunub. Yaralanan şəxsin vəziyyəti isə yüngül olaraq qiymətləndirilir.

Hadisənin məsuliyyətini hələlik heç bir silahlı qrup üzərinə götürməyib, lakin İraqda son aylarda ABŞ-a və hökumətə yaxın mövqeləri hədəfə alan raket və dron hücumları artmaqdadır.

Digər Kateqoriyalar

2025 © Azervoice